Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79
Marmara Group > Blog > Dövlət Proqramı ilə Xaricdə Təhsil

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.

Dövlət Proqramının icrası Azərbaycan Respublikasının Dövlət Neft Fondunda bu məqsədlə nəzərdə tutulan vəsait hesabına həyata keçirilir.

Bakalavr üzrə seçim meyarları

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”sına əsasən  xaricdə bakalavriat səviyyəsi üzrə proqram təhsil alacaq proqram iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə aparılır:

  • namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;
  • namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
  • namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
  • namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
  • namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması;
  • təhsil almaq istədiyi ixtisas sahəsi üzrə namizədin bilik və bacarıqları;
  • namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
  • namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Magistr üzrə seçim meyarları

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”sına əsasən  xaricdə magistratura səviyyəsi üzrə proqram təhsil alacaq proqram iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə aparılır:

  • namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);
  • namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
  • namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;
  • namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olması;
  • namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması);
  • namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd əmək fəaliyyəti ilə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər) surəti;
  • təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları;
  • namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
  • namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Rəy Bildirin